İlham Əliyev Biləsuvarın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 3.5 milyon manat ayırıb

Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 3.5 milyon manat ayırılması haqda sərəncam imzalayıb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Biləsuvar şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, diametrləri 200-500 mm, uzunluğu 4,36 km olan kanalizasiya şəbəkəsinin, diametri 800 mm, uzunluğu 2,9 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 178000 kvadratmetr asfalt örtüyündən 30000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb.

“Bu səbəblə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın”, – deyə, sərəncamda qeyd olunub.