“Kopenhagen”nin hücumçusu: “Evdə maksimum üstün oynasaq, “Qarabağ”ı keçəcəyik”

 “Matçın gedişində həm yaxşı, həm də pis oynadıq. Hesab edirik ki, həmin qol olmamalı idi”. 

“Report”un məlumatına görə, bunu “Kopenhagen”nin futbolçusu Andriya Pavloviç Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsinin ilk qarşılaşmasında “Qarabağ”a səfərdə 0:1 hesablı məğlubiyyəti klubun rəsmi telekanalına şərh edərkən deyib.

24 yaşlı serbiyalı hücumçu bildirib ki, Tofiq Bəhramov adına Respublika stadionunda atmosfer gözəl olsa da, matç onlar üçün ağır keçib: “Kopenhagendəki “Parken” stadionunda baş tutacaq cavab görüşündə azarkeşlərimizin dəstəyi ilə yaxşı mübarizə aparacağımızı düşünürəm. Evdə fərqli oynayırıq. Daha çox təzyiq göstərib, mütəmadi hücumlar edəcəyik. Bizə öz oyunumuzu sərgiləmək lazımdır”.

Rəqib hücumçunun fikrincə, ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq baxımından şanslar bərabərdir: “Şansımızın 50/50-yə oduğunu düşünürəm. Yaxşı komandamız və yaxşı futbolçularımız var. Zənnimcə, biz daha yaxşı oynayırıq. “Parken”də maksimum dərəcədə üstün oynasaq, “Qarabağ”ı keçəcəyik”.

Avqustun 23-də keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.