Mətbuat Şurasının sədri ”Turan”dakı yoxlamaları siyasiləşdirməyin doğru olmadığını bildirib

“Doğrudan da “Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir”.

Bu fikirləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov öz “Facebook” səhifəsində paylaşıb. MŞ sədri fikirlərini müxtəlif amillərlə əsaslandırmağa çalışıb:

“Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir.

Bu günün media reallığından uzaq kimi görünən “Turan”ın materiallarına çox az hallarda istinad var.

Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki əvvəllər belə olmayıb.

Onu da deyim ki, nəinki son aylar, hətta son illər belə hec bir rəsmi qurumun, vəzifəli şəxsin “Turan”ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm. Mətbuat Şurasına da “Turan”ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır”.

Əflatun Amaşov deyib ki, Vergilər Nazirliyi dövlət orqanıdır və qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır:

“Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub.

Mətbuat Şurası olaraq biz “Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bütün bunlar onların fəaliyyətini məhdudlaşdırmaq, işlərinə əngəl olmaq üçündür. O, baş verənləri siyasi sifariş hesab edir. Ölkədəki sonuncu müstəqil media qurumun fəaliyyətini məhdudlaşdırmaq məqsədi güddüyünü deyir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

“Turan” İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq “Turan” agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.

Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları “Turan” agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar. Mehman Əliyev baş verənləri “axtarış” adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının belə, yoxlanıldığı bildirilir.

Mehman Əliyev həmçinin, vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb, Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər. Dünən, avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Ancaq Azərbaycan rəsmiləri isə ölkədə müstəqil KİV-lərin boğulması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar hesab edirlər ki, hər hansı bir KİV-də vergidən yayınma halının üzə çıxarılması heç də ifadə azadlığına basqı kimi dəyərləndirilməməlidir. Üstəlik, onlar bildirirlər ki, hər il Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə qəzetlərə maddi yardımlar edilir. Ölkədə bu il 250-dən çox jurnalistə pulsuz ev verilib. 4 il əvvəl də eyni təşəbbüsü xatırladan rəsmilər bunu dövlətin jurnalistikaya qayğısı kimi təqdim edirlər.

Ancaq “Turan” İnformasiya Agentliyi jurnalistlərə pulsuz ev verilməsi prosesinə qatılmayıb. Agentliyin direktoru Mehman Əliyev deyib ki, bu jurnalisti və onun təmsil olunduğu KİV-i hakimiyyətdən asılı vəziyyətə salır.