Malidə BMT sülhməramlılarına silahlı hücum nəticəsində 6 nəfər ölüb

Malidə naməlum silahlıların BMT missiyasının bazasına hücumu nəticəsində 6 nəfər ölüb.

“AFP” agentliyinin məlumatına görə, insident Timbuktu şəhərində qeydə alınıb.

Məlumata əsasən, BMT missiyasına hücum edən silahlılar zərərsizləşdirilib. Hadisə nəticəsində xeyli sülhməramlıların yaralandığı bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat yoxdur.

Bundan əvvəl Timbuktu şəhərinə MINUSMA-nın Çevik Hərəkat Dəstəsi və hərbi helikopterlərin göndərildiyi bildirilirdi.

BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.