Mehman Əliyev yaratdı, Əflatun Amaşova qismət oldu – Ramin Deko

Ramin Deko

Mehman müəllim, yəni Mehman Əliyev həbs edildi. Gözləyirdik ki, qoluna vurulan qandalı açacaqlar, amma olmadı. Barəsində həbs-qətimkan tədbiri seçildi və Kürdəxanıya göndərildi.

Bəli, çox ümidliydik. Məhkəmə bitənə qədər çoxu optimist idi, elə Mehman Əliyev kimi… Amma aylar öncə Mehman müəllimin optimist çıxışlarına çoxu kinayə ilə yanaşırdı. Kimisi satılmış, kimisi bilərəkdən hakimiyyətin əlinə oynadığını deyirdi. Mehman müəllim sadəcə optimist idi. Bu yaxşıdı, ya da pisdi, başqa söhbəin mövzusdu. İnanırdı, hakimiyyətə yox, işlərin belə davam etməyəcəyinə gümanı vardı. Onu həbs edənə qədər xeyli adamın qoluna qandal vurdular, Mehman Əliyev optimistliyindən qalmadı və sonda özünü girov götürdülər.

Məsələ qapandı. Hökumət mesaj verdi: ümidli və optimist olmayın!

Medianın bugünkü durumunda təkcə Əliyevlər günahkar deyil. Bu hökumət sadəcə fürsəti dəyərləndirib, yararlanmağa çalışıb. Medianın məhv edilməsi prosesi yaxın keçmişdən başladı. Öncə telekanalları əllərində cəmləşdirdilər, başqa adamları telekanal açmağa imkan vermədilər. Qəzetlərə inamsızlıq mühiti yaratdılar. Məmurlara çap mediasına danışmağa qadağan etdilər. Sonra məşhur tamaşada deyildiyi kimi yavaş-yavaş yandırmağa başladılar. Bəli, hər şey birdən yanmadı, yavaş-yavaş yandırıldı. Bu işdə təkcə bir-iki nəfər günahkar deyil, bütün nəsil məsuliyyət daşıyır. Mehman Əliyevdən tutmuş Arif Əliyevədək, Zeynal Məmmədlidən Elçin Şıxlıya qədər. Bir sözlə, tanıdığımız, ümid bəslədiyimiz bütün media kapitanları. Niyə? Ona görə ki, zamanında qollarını çirmələmədilər. Media meydanını bacarıqsızlara, amma fürsət sahiblərinə verdilər.

Baxın, Mehman Əliyev həbs olunur Mətbuat Şurası onunla bağlı ölkə başçısına müraciət edir, bizsə sevinirik. Nə var, nə var Mehman Əliyev o müraciət də peşəkar adlanıb. O Mətbuat Şurası ki, onun sədri hökumətdən imtiyazlar alıb, mandatla təltiflənib. Əflatun Amaşov bir QHT-nin rəhbəridi, gələni də, gedəni də “reket” elan edir. Media onun əlindədir. Görün meydan kimlərə qalıb – bircə düz əməli yazısı olmayan Əflatun Amaşovun, mediologiyanın nə olduğunu bilməyən, kitabları plagiat olan Cahangir Məmmədlinin, Rəsulzadənin adıyla alver edən Şirməmməd Hüseynovun… Siyahını uzatmaq olar.

Bəli, bugünkü Mətbuat Şurasını Arif Əliyev, Mehman Əliyev, Elçin Şıxlı, Zeynal Məmmədli yaradıb, sonra nə oldusa Əflatuna qismət oldu. Ona verib getdilər. Fakt budur, yazı yaza bilməyən adam mediada at oynadır, istədiyini edir, gerisi təfərrüatdı.

Mehman Əliyev saxta ittihamla həbs olunub. O bu ölkədə bamaqla sayıla biləcək peşəkar jurnalistlərdəndi, əli kiminsə cibində deyil. Optimistliyi, zamanında əllərini çırmalamaması, o və dostlarının hamısının yan durması medianı bu günə saldı. Böyük bir epoxa beləcə məhv edildi.

Zamanında ölkəyə milyonlarla qrant gəldi: vətəndaş cəmiyyətinə, jurnalist təşkilatlarına. Hanı? Nəticə sıfırın altındadı. Vətəndaş cəmiyyəti bir adam yetişdirə bildimi? Jurnalist təşkilatları o qədər pulların qarşılığında bir gənc jurnalisti üzə çıxardımı? Üzə çıxan vətəndaş cəmiyyətinin üzvləri hər gün söyülən, ittiham edilən ənənəvi müxalifətdən gəldi, jurnalistlər də qəzet, sosial şəbəkələrdən çıxdı.

İndi qapısı qıfıllanmış “Azadlıq” qəzeti, saytı bloklanmış “Azadlıq” radiosu, Meydan TV, “Ayna”, “Zerkalo”, “Bizim Yol” qəzetləri və bir neçə KİV-in hesabına jurnalistlər yetişdi. Amma qəzetin, internet televiziyanın işi jurnalist yetişdirmək deyil. İşə götürdüyü jurnalisti daha da peşəkar etməkdi. Amma bizim media hərfləri tanıyanları üzə çıxardı. Nə BDU, nə də başqa universitetlər bir jurnalist yetişdirdi. Oranın məzunları da universitetlərdə deyil, işlədikləri yerdə jurnalistikanın sirrlərini öyrəndilər. Çünki hər şey məhv edildi, zamanında meydana çıxan jurnalistikadan kənar adamları uzaqlaşdırmadılar, ictimai qınaq yaratmadılar.

Bəli, bu gün media məhv edilib. Olunmaq üzrə deyil, məhz edilib. İllər öncə məhkəmələrin içindən video reportajlar yayımlanırdı, indi önündən, vəkildən açıqlamayla iş bitir. Çünki bütün qapılar qıfıllanır, nəfəsliklər daha da daralır. Ona görə ki, meydan yaza bilməyənlərin, qeyri-peşəkarların, amma həm də fürsətcillərin əlindədi. İndi artıq gecdi. Böyük bir orda yaranıb və onlar ictimai fikrə nəzarət edir. Buna görə peşəkar, dürüst, vicdanlı Mehman Əliyev həbs edildi.

Mehman Əliyev polis idarəsinə gətiriləndə bir qolu qandalıydı. Hətta buna sevinirdik ki, bir əli havadadı, bizə salam verə bilir. O da sevinirdi, bunu onun gülümsəyən, amma həm də öləziyən baxışlarından sezmək olurdu.
Deyirlər dünyada ən asan iş su içməkdi. Amma bunu dünya üçün deyirlər. Bizim ölkə dünyadan ayrıdı. Özümüz onu təcrid etmişik. Bizim məmləkətdə ən asan iş həm də şər atmaq, kimisi ittiham etməkdi. Necə ki, bir ay öncəyə qədər Mehman Əliyevi çoxları hökumətin min bir qanadına bağlayırdı. O isə sadəcə optimist idi, bu da onun dürüstlüyündən, vicdanlı olmağından irəli gəlirdi.
Meydanı uşaq-muşağa qoyanda sonu belə olmalıydı.
Biz hələ çox kiçik uğurlara – həbs edilən, amma qolunda qandal olmayan həmkarlarımızı dəmirbarmaqlıqlar arasında görəndə çox sevinəcəyik. Çünki… Media illər öncə məhv edildi…

İndi gözlərimizi beynəlxalq təşkilatların, səfirliklərin narahatlıq dolu bəyanatlarına dikmişik. Ümidimiz onlaradı, bir zamanlar hər şey öz əlimizdəydi.

Avropa qapını açsın peşəkar, dürüst, vicdanlı Mehman Əliyev!!!

Əvvəlki məqalə‘Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı qanun hazırlanıb’
Növbəti məqalədəDolların sabaha olan məzənnəsi açıqlanıb