Mikheil Saakashvili Polşanı tərk edib

Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşlığından məhrum edilmiş Mikheil Saakashvili Polşanı tərk edib.

Bu barədə Polşanın ZET radiosu məlumat yayıb. Polşa Sərhəd Xidməti M.Saakaşvilinin hansı ölkəyə getdiyi və sərhədi keçərkən hansı sənədi təqdim etdiyi barədə hər hansı rəsmi açıqlama verməyib.

M.Saakashvili Varşava üsyanının növbəti ildönümü ilə əlaqədar Polşaya səfər etdiyini və digər Avropa ölkələrinə də səfər edəcəyini açıqlayıb.

Gürcüstan hökuməti isə Polşaya rəsmi sorğu ilə müraciət edərək sabiq prezidentin bu ölkədə olub-olmadığı ilə maraqlanıb. Gürcüstan Baş Prokurorluğundan bildiriblər ki, M.Saakaşvili Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham olunur və onu 11 ilədək həbs gözləyir.

İyulun 26-da M.Saakaşvili-nin Ukrayna vətəndaşlığından çıxarılması barədə məlumat yayılıb.