Milli Elmlər Akademiyasının rəhbərliyi istefaya getməlidir – Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

Dünən bütün dünya mətbuatı ABŞ-dakı tam günəş tutulmasını NASA TV kameraları, teleskopları, təyyarə və hava şarlarındakı kameralarla canlı yayımladı.

Azərbaycan mətbuatında bu hadisə ilə bağlı xəbərdə iki tarix qeyd olunurdu, bəziləri növbəti Günəş tutulmasının 2035-də, bəziləri isə 2060-da olacağını yazmışdılar. Halbuki, il ərzində bir neçə dəfə tam, yaxud qismən günəş tutulması baş verir, sadəcə insanların az olduqları ərazilərdən, okean üzərindən keçir kölgə. Bu dəfə olanı əlamətdar edən isə ABŞ-ın bir sahilindən digərinə qədər şəhərlərin üstündən keçməsi idi.

2060 tarixinin mənbəyini tez tapdım. Türkiyə saytları “Türkiyədə tam Günəş tutulmasını 2060-da müşahidə etmək olacaq” yazıblar, bizim nüfuzlu xəbər agentlikləri isə elə biliblər ki, 2060-a qədər Günəş tutulmayacaq.

2035 tarixi isə lap biabırçılıqdır. Bunu mətbuata dəfələrlə Azərbaycan Respublikası Milli (!) Elmlər (!) Akademiyası ötürüb, öz saytında da yayıb. Özü də ru.wikipedia.org (!) saytına istinadən. Özü də “növbəti günəş tutulmasının 2035-ci ildə olması ehtimal edilir” (!). Mətbuatımız da Akademiyaya güvənib, araşdırmamış yayıb.

Ehtimal edilir nədir, ay yekəqarın tənbəllər? Dünya növbəti 100 ildə harada, hansı saniyədə hansı koordinatlarda tutulmalar olacaqsa, onun siyahısını yayıb. Siz hansı əsrdə qalmısınız, özünüz geridə qalmısınız, mətbuatı niyə aldadıb “2035-də olacağı ehtimal edilir” yazmısınız?

Özünə, nüfuzuna hörmət edən KİV-lər Milli Elmlər Akademiyasını sıxmalıdırlar, onları gülməli duruma düşürdüyünə görə sorğulamalıdırlar, heç bir normal elmi nailiyyəti olmayan qurum rəhbərliyinin istefası barədə çağırışlar etməlidirlər. Özünə hörmət etməyənlər isə Təranə Qumralın yeni avtomobil nömrəsi barədə bir-birinə istinadən xəbərləri yaymağa davam etsinlər. Dünyadan geridə qalıb, öz dünyamızı qurduğumuzu təsdiq etsinlər.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

MƏNBƏAbzas.net
Əvvəlki məqalə“Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz” – Dövlət Komitəsi
Növbəti məqalədəHəbsdəki jurnalistin eks-müstəntiqlə müsahibəsi: ‘Dəyişikliklər o zaman baş verəcək ki’