“Qarabağ”ın rəqibinin futbolçusu: “Son addımı atmaq üçün mübarizəyə 100 faiz hazır olmalıyıq”

“Qarabağ” demək olar ki, gözlədiyimiz kimi oynadı. Görüşün birinci hissəsində çox az sayda qol imkanı yaratdılar. Bunlar da əsasən, əks-hücumlar idi”.

“Report”un məlumatına görə, bunu Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Uroş Matiç Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının ilk “pley-off” matçından sonra deyib. 27 yaşlı serbiyalı yarımmüdafiəçi bildirib ki, hələ mübarizənin birinci mərhələsi geridə qalıb: “Qarşıda daha 90 dəqiqə var. Biz ev oyunumuzda azarkeş dəstəyi sayəsində daha güclü olacaq və qələbə qazanacağıq. Ötən mərhələdə “Vardar”a da səfərdə eyni hesabla uduzduğumuz oyunu evdə öz xeyrimizə dəyişmişdik. Çempionlar Liqasının qrup mərhələsinə son addımı atmaq üçün mübarizəyə 100 faiz hazır olmalıyıq”.

Avqustun 23-də “Parken” stadionunda keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.