Rəsmi Vaşinqton Bakıya: Mehman Əliyevi dərhal azad edin

‘Turan’ İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb. 

Abzas.net xəbər verir ki, Dövlət Departamenti Mehman Əliyevin həbs olunmasından dərin narahatlıq keçirir.

“Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk”.

Bəyanatda deyilir ki, Turan-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır.

“Azərbaycan hökümətinin may ayında Azadlıq Radiosunun və digər müstəqil media qurumlarının saytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir”.

ABŞ Dövlət Departamenti Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırır.