Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Soçidə Ermənistanın dövlət başçısı Serj Sarksyanla görüşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də müzakirə ediləcək.

Məlumata görə, tərəflər görüşdə beynəlxalq və regional məsələlərə dair problemləri də müzakirə edəcəklər.

Bundan öncə martın 15-də tərəflərin Moskvada görüşü olmuşdu. Görüşdə ikitərəfli münasibətlər müzakirə olunmuşdu. Daha sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Soçidə görüşmüşdü.