‘Təcridxana rəhbərliyi 2 gündür Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur’

Belə bir məktubla “Təzadlar”a müraciət edən, adının çəkilməsini istəməyən təcridxana əməkdaşı şok faktları açıqlayıb:

“…Əvvəla onu deyim ki, vicdanımın səsi ilə susa bilmədim. Bilirsiniz ki, “Kürdəxanı İstintaq Təcridxanası” kimi tanınan 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov vəzifəsindən düz 1 il əvvəl, 2016-cı ilin avqustun 1-də işdən azad olundu.

Onun yerinə isə əvvəl rəis müavini olan Rəşid Səfərov təyin olundu. Düz 1 ildir ki, hamı əvvəlki rəislərin atasına rəhmət oxuyur. Təxminən bir ay əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2017-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirildi.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov tədbiri açaraq, ətraflı çıxış etdi, prezident cənab İlham Əliyevin sədrliyi ilə 12.07.2017-ci il tarixdə keçirilmiş 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin nəzərdə tutulduğunu bildirdi.

Bu tədbirlərdən ən vacibi o idi ki, Penitensiar Xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənildi. Bizim rəis də danışmışdı, deyilənə görə korrupsiyaya qarşı mübarizədən, istintaq altında yatan məhkumların arasında ayrı-seçkiliyə son qoyulmasından danışıb.

Lap yekunda əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib.

O, nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb, təkrarən tapşırıqlarını verib. Bu tapşırıqların heç mürəkkəbi qurumamış 1 saylı təcridxananın rəisi, ədliyyə polkovniki Rəşid Səfərov öz bildiyini etməyə başladı…

Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq baş nazirin müavini Əli Həsənovun avtoşluq edərək 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına bais olmuş Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Azərcell-dən yoxlasınlar, Nail hər gün atası və babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir…

Sağ olsun, təcridxananın rəisi Rəşid Səfərov, müavin Yaşar müəllim də bunu nəzərə alıb. Axı ayıb olar ki, altında 6-7 lüks maşın kolleksiyası olmuş 21 yaşlı avtoş birdən-birə şəraitsiz yerə düşər, halı bu istidə pis olar. O biri məhkumlar və təqsirləndirilənlərin canı isə it canıdır, dözərlər…

İstərdim ki, bunları ədliyyə naziri Fikrət Məmmədov da bilsin ki, Rəşid Səfərov komandasına da tapşırıb ki, nazir Əli Həsənovun xahişini nəzərə alaraq belə tapşırıb, Nail baladan muğayat olun, xətrinə dəyməyin…

Təsəvvür edirsinizmi, Prezident İlham Əliyev belə məmur balalarını və önların övladlarını-nəvələrini bağışlamır, bunlar isə Prezidentdən xəbərsiz əks fəaliyyətlə məşğuldurlar. Cənab Prezident mətbuatı oxuyur, inanıram ki, bu xəbəri oxuyub belə bir ayrı-seçkiliyi bağışlamayacaq.”