Tillerson: “ABŞ Rusiyanın diplomat məsələsinə 1 sentyabrda cavab verəcək”

ABŞ-ın xarici işlər naziri Reks Tillerson yeni açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, diplomatın açıqlamasına əsasən ABŞ 1 sentyabr tarixinə qədər Rusiyanın amerikalı diplomatların sayını azaltma məsələsinə cavab verəcək. Tillerson bu açıqlamanı Sergey Lavrovla keçirilən görüşün nəticələrinə əsasən verib. Tərəflərin görüşü 6 avqust tarixində Filippində baş tutub.

Tillersonun sözlərinə əsasən ABŞ diplomatik missiyanın azaldılmasına necə cavab verəcəyini hələ müəyyənləşdirməyib. Amma yaxın bir ay ərzində qərar qəbul ediləcək. Dövlət katibi əlavə edib ki, Lavrova bir neçə dəqiqləşdirici sual da verib.

Qeyd edək ki, 2 avqust tarixində ABŞ prezidenti Rusiya əleyhinə yeni sanksiyaları imzalayıb. Rusiya isə cavab olaraq ölkədə fəaliyyət göstərən diplomatik korpusun sayını 455 nəfərə qədər azaltmaq barədə qərar verib.