Trump Venesuellaya qarşı sanksiyaları sərtləşdirən fərmanı imzalayıb

ABŞ prezidenti Donald Trump Venesuellaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə fərman imzalayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Fərmanda ABŞ maliyyə institutlarının Venesuella hökuməti və onun “Petroleos de Venezuela” dövlət neft şirkəti ilə iş birliyi qadağan edilir.

Ağ evin məlumatında bildirilir ki, prezident Nicolas Maduro diktaturası nəticəsində ölkə əhalisi ərzaq və dəva-dərman qıtlığı ilə üzləşib, hakimiyyət demokratik müxalifəti təqib edir və ölkədə söz azadlığını boğur.

ABŞ Venesuella hakimiyyətini demokratik idarəçiliyi bərpa etməyə və azad seçkilər keçirməyə çağırır.

Bu ilin avqustunda Venesuelada “Konstitusiya assambleyası”na seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşib.

Bu yeni siyasi orqan ölkə konstitusiyasını dəyişmək üçün yaradılıb.

“Konstitusiya assambleyası” avqustun ortalarında müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

Əksər qərb ölkələri və beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən ölkədə etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində hərbçilər aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.