“Turan”: İstintaqı qanunvericiliyə uyğun şəkildə həyata keçirməyə çağırırıq

Turan İnformasiya Agentliyi əməkdaşlarının istintaq orqanlarına çağırılıb mənəvi-psixoloji təzyiq altında ifadə alınması ilə əlaqədar bəyanat verib.

Abzas.net xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsindən sonra 28 avqust 2017-ci ildə agentliyin 10-a yaxın işçisi və onunla əməkdaşlıq edən şəxs Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb.

Bəyanat bildirilir ki, agentlik əməkdaşlarının eyni gündə çox qısa zaman fasiləsi ilə şahid qismində dindirilmək üçün istintaq orqanına dəvət edilməsi bir sıra kobud qanun pozuntularıyla həyata keçirilib.

“Belə ki, onlardan iki nəfər əvvəlcədən vəkillə təmin olunmasına və vəkilə etibarnamə verilməsinə baxmayaraq, istintaq orqanı tərəfindən dindirmədə nümayəndənin iştirakından qanunsuz olaraq məhrum edilib”.

Sənəddə deyilir ki, Mehman Əliyevə açılmış saxta cinayət işinin istintaq qrupunun rəhbəri Vüsal İbadov bu qanunsuzluğa hər hansı ağlabatan izah verməyib. Nəticədə şahidlər hüquqi xidmətdən məhrum edilməklə, faktiki olaraq onlardan mənəvi-psixoloji təzyiq mühitində ifadə alınıb.

Turan bildirir ki, agentliyin sabiq və hazırki dörd əməkdaşı iş saatı başa çatmasına baxmayaraq, təxminən axşam saat 9-10-na qədər dindirilib. Agentliyin əməkdaşlarının şahid qismində dindirilməsi avqustun 29-da da eyni intevsivlikdə davam etdirilib.

“Hesab edirik ki, agentlik əməkdaşlarının prosessual qanun pozuntuları şəraitində, vəkil xidmətindən məhrum edilməklə, görünməmiş xüsusi bir intensivliklə dindirilməsi cəlb edilməsi Mehman Əliyevə verilmiş qurama ittihamın nəyin bahasına olursa olsun “möhkəmləndirilməsi” məqsədinə xidmət edir”.

Turan İnformasiya Agentliyi istintaq orqanının bu kobud qanun pozuntularını qətiyyətlə pisləyir, istintaq orqanını qanunçuluğa riayət etməyə, istintaq hərəkətlərini cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.