Vasif Talıbov qudasını Naxçıvanın daxili işlər naziri təyin etdi

Fazil Ələkbərov (soldan birinci) və Vasif Talıbov

Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri Vasif Talıbov muxtar respublikanın daxili işlər naziri postuna təyinatla bağlı qərar qəbul edib. 

Abzas.net xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən qərar verib.

Fərmana görə, Fazil Nəriman oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Ali Məclis sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Xatırlatma

General-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.

Yerli mənbələrdən əldə etdiyimiz məlumata görə, Fazil Ələkbərov Vasif Talıbovun qudasıdır. Ali Məclis sədrinin oğlu Seymur Talıbov Fazil Ələkbərovun qızı ilə evlidir.