Əli Həsənov araşdırma müəllifini erməni ‘çıxartdı’, jurnalist ‘yalan danışır’ dedi

“Əvvəlki dövrdə də Azərbaycana, ölkə prezidentinə və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülmüş, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri olmuş, lakin onun sifarişçiləri və icraçıları öz məqsədlərinə çata bilməmişlər”.  

Abzas.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtac-a açıqlamasında deyib.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin Azərbaycanın pulyuyan maşını adlı yeni araşdırmasına münasibət bildirən İlham Əliyevin köməkçisi deyib ki, araşdırmalar həmin materialın əsas müəlliflərindən birinin milliyyətcə erməni olduğunu göstərir.

“Azərbaycanın inkişafı bəzi daiərələri, xüsusilə erməniləri narahat edir”

“Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər”.

Əli Həsənov deyib ki, hüquqi, demokratik dövlət olan Azərbaycannın sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini ciddi narahat edir.

“Bu materiallar anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə hazırlanır”

“OCCRP kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialardan və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Bundan başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır”.

Prezidentin köməkçisinin sözlərinə görə, həmçinin Azərbaycana dost münasibət bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır.

“Əli Həsənov yalan danışır”

Azərbaycan hakim ailəsinın biznes şəbəkəsinin araşdıran tanınmış jurnalist Xədicə İsmayıl isə sosial şəbəkədə bildirib ki, Əli Həsənovun açıqlaması yalandır.

“Əli Həsənov deyir ki, OCCRP-nin araşdırmasının müəlliflərindən biri ermənidir. Yalan deyir. Yaxşı, bu erməni söhbəti ilə ölkədəki savadsızları aldatdılar, dünyaya nə deyəcəklər?”

Araşdırmaçı jurnalist bildirib ki, jurnalistləri ermənipərəstlikdə suçlayan Azərbaycan hökuməti rus şirkətindən şübhəli pullar alıb.

“Siz orduya kefiyyətsiz silahlar aldığınız “Rosoboronexport”dan şübhəli pullar alın, sonra da jurnalisti ermənipərəstlikdə suçlayın”.