Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib.

“Report”un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, o, ABŞ-ın qonaqların mühafizəsinə görə məsuliyyət daşıdığını deyib.

“Əgər onlar öz vəzifələrini icra etmirlərsə, PKK üzvlərinin hücumu zamanı mənim mühafizəçilərim vəzifələrini icra etməməlidirlər? Mühafizəçilərim vəzifələrini icra ediblər”, – R.T.Ərdoğan bildirib.

Daha öncə ABŞ rəsmiləri 19 nəfərə qarşı ittiham irəli sürüblər. Onların sırasında Türkiyə Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı da var. Onlar bu ilin may ayında R.T.Ərdoğanın ABŞ-a səfəri zamanı etiraz aksiyası iştirakçılarına hücum etməkdə təqsirləndirilirlər.