ABŞ: ‘Azərbaycanda 145-dən çox siyasi məhbus var, hamısı şərtsiz azad edilməlidir’

Sentyabrın 22-də ABŞ-ın ATƏT-dəki nümayəndəliyi bir sıra ölkələrdə insan haqlarının vəziyyətinə dair bəyanat yayıb.

Abzas.net rəsmi mənbəyə istinadən xəbər verir ki, sənəddə Azərbaycanla bağlı da hissə yer alıb.

ABŞ nümayəndə heyəti bildirib ki, Azərbaycanda sonuncu müstəqil informasiya agentliyi olan Turan-ın direktoru Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayır.

“Biz həmçinin Azərbaycan hakimiyyətinin müxalifətçi Natiq Cəfərlinin üzərindən ittihamların götürülməsi və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azad edilməsi barədə qərarını alqışlayırıq. Biz hakimiyyəti Mehman Əliyevin üzərindən ittihamların və ölkədən çıxışına qoyulan məhdudiyyətin tam götürülməsinə çağırırıq”.

ABŞ diplomatlarının yaydığı bəyanatda bildirilir ki, araşdırmaçı jurnalist Xədicə İsmayılova və vəkil İntiqam Əliyevin ölkədən çıxışına qoyulan qadağanın götürülməsi də vacibdir

“REAL Hərəkatının lideri İlqar Məmmədov daxil olmaqla, 145-dən çox adam siyasi məhbus hesab olunub. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun xeyrinə qərar çıxarsa da o, hələ də həbsdədir. Onların hamısı heç bir şərt olmadan azad edilməlidir”.