ADİU-nun keçmiş rekroru, deputat Şəmsəddin Hacıyevə cinayət işi açılır?

Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Abzas.net xəbər verir ki, ADİU-da dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Məlumata görə, külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edilib. İlkin araşdırmalar zamanı 18 may 2012-ci ildən 1 aprel 2014-cü ilə qədər olan vaxtda universitetin vəzifəli şəxsləri tərəfindən ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılması müəyyən edilib.

Həmçinin, araşdırmaya görə, təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı əsaslı şübhələr ortaya çıxıb.

Cinayət işi başlanıb

Bu iş üzrə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanun pozuntularının olduğu dövrdə ADİU-nun rektoru vəzifəsini hazırda Milli Məclisin deputatı, həmin dövr həm də parlamentin Elm və Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyev olub.