Almaniyada Mehman Əliyevə və siyasi məhbuslara dəstək aksiyası keçirilib [Foto]

0

Bu gün, sentyabrın 9-da Almaniyanın Nürnberq şəhərində Azərbaycanlı mühacirlər Mehman Əliyevə və digər siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçiriblər. Aksiya sosial şəbəkələrdə canlı yayımlanıb.

Abzas.net xəbər verir ki, Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) tərəfindən təşkil edilən aksiyada Azərbaycanda həbsdə olan ictimai-siyasi fəalların və jurnalistlərin azad edilməsi tələb olunub.

Müsavat Partiyasının AKM-in sədri İlham Həsən çıxışında Azərbaycan hökumətini tənqid edib. Bildirib ki, hakimiyyət ölkə üçün yox, şəxsi maraqları üçün işləyir. AKM sədri həmçinin, Avropadakı Azərbaycan diasporasından da narazılıq ifadə edib. Onun sözlərinə görə, diaspora ölkədəki gerçəklikləri dünyaya çatdırmır. Azərbaycanda həqiqəti deyənlərsə, həbs olunurlar.

Askiyada bildirilib ki, Azərbaycanda 160 siyasi məhbus var. Aksiyanın məqsədinin isə beynəlxalq ictimaiyyətinin diqqətini Azərbaycanda insan haqlarının durumuna yönəltmək olduğu deyilib.

Həmçinin, İlham Həsən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də həbsinə toxunub.

Müxtəlif şəhərlərdən gələn azərbaycanlı mühacirlərin aksiya 1 saat davam edib. İştirakçılar “İlham Əliyev Mehman Əliyevi, Gözəl Bayramlını, Əfqan Muxtarlını azad et”, “Bayrama, Qiyasa azadlıq”, “İlqar Məmmədov azadlığa buraxılsın” və sairə şüarlar səsləndiriblər.

Aksiyanın sonuncu təşkilatçılar qətnamə oxuyublar.