Amaniya parlament seçkilərində Merkel qalib gəlir

Almaniyada parlament seçkiləri başa çatıb. İlkin nəticələrə görə, kansler Angela Merkel-in mühafizəkar alyansı ölkə seçkisinin qalibi olub.

Abzas.net xəbər verir ki, sentyabrın 24-ü baş tutan parlament seçkilərindən sonra Merlekin dördüncü müddətə hakimiyyətdə qalacağı müəyyənləşib.

Exit-poll nəticələrinə görə, səslərin 33%-ni qazanan Merkel-in başçılıq etdiyi hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı parlamentdə çoxluq təşkil edəcək.

İkinci yeri Sosial-Demokrat Partiyası (20,5%), üçüncü yeri isə Almaniya üçün Alternativ Partiyasıdır (12,6%) tutub.

Parlamentə düşmək üçün müəyyən olunmuş beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) , Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.

Sosialist Demokratlar 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Sağçı Almaniya üçün Alternativ Partiyası isə tarixində ən yüksək göstəriciyə nail olub.

İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Almaniya parlamentində 6 partiya təmsil olunacaq.

Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.