Avropa Məhkəməsi müxalifətçi gənclə bağlı qərar çıxardı, hökuməti cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 28-də Azərbaycan hökumətinə qarşı növbəti qərar çıxarıb.

Xüsusən, müxalifət nümayəndəsi Tural Hacıbəylinin şikayəti təmin edilib, bu barədə Turan-a iddaçının vəkili İntiqam Əliyev bildirib.

Xatırladaq ki, Hacıbəyli 2011-ci ilin martında dinc aksiya zamanı saxlanılıb. Səbail rayon məhkəməsi onu hakimiyyət nümayəndəsinin qanuni tələblərinə məhəl qoymamaq ittihamı ilə həbs edib.

Yuxarı məhkəmə instansiyaları rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Nəticədə Avropa Məhkəməsinə Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ), 11-ci (toplaşmaq azadlığı hüququ), 13-cü (səmərəli müdafiə vasitələri) maddələrinin pozulması haqqında şikayət göndərilib.

Məhkəmə azadlıq, ədalətli məhkəmə təhqiqatı, toplaşmaq azadlığı hüquqlarının pozulduğunu müəyyən edərək şikayəti təmin edib. Avropa Məhkəməsi dövlətin Hacıbəyliyə 10 min 500 avro (8 min ərizəçiyə vurulmuş mənəvi ziyana görə və 2 min 500 məhkəmə xərcləri üçün) ödəməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Tural Hacıbəyli “Əhrar” Partiyasının sədri Vaqif Hacıbəylinin oğludur.