AXCP üzvünün Apellyasiya şikayəti təmin edilməyib

AXCP Yasamal Rayon Şöbəsinin üzvü Üzeyir Abbasovun həbsindən verilmiş Apellyasiya şikayəti təmin edilməyib. 

Abzas.netə bu barədə cəbhəçinin vəkili Əsabəli Mustafayev məlumat verib.

Bakı Apellyasiya məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçrilən prosesdə verilən heç bir vəsatət təmin edilməyib, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil bildirib ki, hətta qanun normalarına zidd olaraq Üzeyir bəyin məhkəməyə qədər 61 saat həbsdə saxlanılması kimi açıq- aşikar olan pozuntuya qiymət verilmədi

“Şikayətə bu formada baxılacağı gözlənilən idi. Sadəcə bizə bu mərhələni keçmək lazım idi. Prosesdən sonra mənimlə söhbətində Üzeyir bəy saxlanma şəraitindən müəyyən şikayətlər etdi. Belə ki, 2 nəfərlik yataq dəsti olan kamerada 4 nəfər cəza çəkir. Nəticədə çarpayıda növbə ilə yatırlar. Məntəqə əməkdaşları bunu cəzaçəkmə müəssəsində saxlananların normadan artıq olması ilə əsaslandırırlar. Bundan başqa, Üzeyir bəyə telefon danışıqları hüququndan tam istifadə etməyə imkan verilmir. Bu faktlarla bağlı mənim tərəfimdən müvafiq orqanlara müraciət olunacaqdır” – deyə AXCP üzvünün vəkili Əsabəli Mustafayev bildirib.

Uzeyir Abbasov sentyabrın 2-si polislər tərəfindən evindən Səbail Rayon Polis İdarəsinə, daha sonra isə, idarənin 8-ci polis bölməsinə aparılıb. Saxlanıldığı müddətdə onun Facebook profilində yazılan bütün müxalif statuslar silinib. Daha sonra Üzeyir Abbasovun izahatı alınaraq sərbəst buraxılıb. Ardından Abbasov Amerika səfirliyinə üz tutub. Səfirlik nümayəndəsi ilə söhbət zamanı onu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb Nəsimi Rayon Polis idarəsində aparıblar. Ardından da, Səbail rayon 8-ci polis bölməsinə təhvil verilib. Sentyabrın 5-nə kimi bölmənin saxlanma məntəqəsində saxlanılan Abbasov, 5-i günorta saatlarında Səbail Rayon Məhkəməsinə aparılıb.

Üzeyir Abbasov İnzibati xətalar məcəlləsinin 535.1- ci maddəsinə görə, (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) təqsirli bilinib.

Məhkəmə onu 30 sutka azadlıqdan məhrum edib.