Azərbaycan hökumətinə sanksiyalarla bağlı Konqresə daha bir qanun təklif edildi

Sentyabrın 26-da ABŞ konqresinin respublikaçı üzvü Chris Smith demokrat konqresmen Jim McGovern ilə birlikdə Azərbaycan hökumətinə qarşı sanksiyaları yenidən gündəmə gətiriblər.

Abzas.net xəbər verir ki, bu barədə konqresmen Chris Smith-in ofisi məlumat yayıb. Konqresmenlər Azərbaycan hökumətinin ictimai-siyasi fəallara, jurnalistlərə qarşı təzyiqlərilə əlaqədar bu ölkədə insan haqlarına hörmət və hüququn aliliyini dəstəkləmək məqsədilə yeni qanun layihəsi hazırlayıblar.

Açıqlamada deyilir ki, respublikaçı konqresmen Chris Smith və demokrat konqresmen Jim McGovern sentyabrın 26-da qətnamə layihəsini Konqresə təqdim ediblər.

Azərbaycan hökuməti təqibləri davam etdirdiyinə görə

Abzas.net xəbər verir ki, Konqresin Qlobal İnsan Haqları Palatasına sədrlik edən Chris Smith daha sonra bildirib ki, ABŞ və Azərbaycan arasında vacib təhlükəsizlik və iqtisadi bağların mövcud olması məlumdur, amma bu pozuntulara da məhəl qoymamaq olmaz.

“Azərbaycan rejimi insan haqları fəallarını, müstəqil jurnalistləri və dini liderləri susdurmaq üçün işgəncə, siyasi motivli cinayət ittihamları, qısnama, beynəlxalq adam oğurluğu və təhdidin başqa formalarından istifadəni davam etdirir”.

Qətnamə layihəsinin başqa müddəaları Amerika Birləşmiş Ştatlar hökumətini Azərbaycan hökuməti ilə əlaqələrdə Azərbaycanda insan haqları və təməl azadlıqların vəziyyətini rəhbər tutmağa və beynəlxalq aləmdə tanınan insan haqlarını pozan Azərbaycan rəsmilərini cəzalandırmaq məqsədilə Qlobal Magnitsky İnsan Haqları Hesabatlılığı qanununu tətbiq etməyə çağırır.

Bütün siyasi və vicdan məhbusları dərhal azad edilsin

Qətnamə layihəsində deyilir ki, Azərbaycan hökuməti bütün siyasi və vicdan məhbuslarını dərhal azad etməlidir.

Eyni zamanda, layihə hesabatlılıq və demokratik dəyərlərə söykənən hakimiyyət üsul-idarəsi istəyənlərin təqibini dayandırmağa çağırır.

Konqresmen Smith deyib ki, “Qlobal Magnitsky Qanunu” ABŞ-ın dünyada insan haqlarının müdafiəsində liderliyi üçün yeni era açıb”.

Viza qadağası və aktivlərin dondurulması

Qlobal Magnitsky Qanununun Azərbaycana aid versiyasına müəlliflik etmiş Chris Smith deyib ki, ABŞ rəsmi Bakıya münasibətdə bu alətdən istifadə etməlidir.

Viza qadağanından və aktivlərin dondurulmasından istifadə edən bu qanun insan haqlarını pozanların cəzalandırılmasını nəzərdə tutur.

Konqresmen deyib ki, bu tədbirlər Azərbaycan hökumətindəki insan haqları pozucularının cəzasızlığına son qoymaq məqsədi güdür.

C.Smith indiyədək Azərbaycanda insan haqları pozuntularına dair iki dinləmə keçirib. Onlardan sonuncusu Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın mühakimə olunması ilə bağlı idi.

Xatırlatma

Bundan az əvvəl, sentyabrın 7-də ABŞ senatoru Richard Durbin-in Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim etdiyi bildirilmişdi.

Xəbərdə deyilirdi ki, senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Düzəliş Dövlət Katibindən rica edirdi ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.