Azərbaycanda homoseksuallarla bağlı nə baş verir: təqib, ya polisə müqavimət?

Arxiv: Rusiyada LGBT üzvlərinin aksiyasında həbslər

“Bakıda LGBT (Lezbian-Gey-Biseksual-Transgender) icması üzvlərinə qarşı təqib kampaniyası başlayıb. Polislər təzyiq göstərərək, adamlardan pul tələb edir, pul verməyənləri həbs edib, onlara hədə-qorxu gələrək digər homoseksualların ad-soyadını və ünvanını söyləməyə məcbur edirlər”.

LGBT üzvləri bu iddiadadır. Onların sosial şəbəkələrdə paylaşdığı məlumatlara görə, həbs olunanlar arasında müxtəlif peşə sahibləri də var.

Hansısa varlının balası SPİD-ə yoluxub

“Bayaq klubdan güclə qaçmışam, yoxsa polis tutub aparırdı. Geyləri gözümün qabağında sürüyə-sürüyə apardılar” – Bunu sentyabrın 21-də LGBT fərdi Xəyal Əliyev “Facebook” səhifəsində yazıb. X.Əliyev səbəbini belə izah edib:

“Hansısa varlının balası SPİD-ə yoluxub, düşüblər biz yazıqların üstünə. Tutduqlarını döyür, yalandan “polisə əl qaldırıb” adıyla 20 sutkalıq içəri atırlar”.

“Nəfəs” LGBT Azərbaycan Alyansının hazırda Almaniyada yaşayan rəhbəri Cavid Nəbiyev deyir ki, tutulan gay və transseksual fərdlərə siyasi motivli işlərdə şahid olaraq iştirak etmək “təklifi” edilib:

“Razı olmayanlar isə ailələrin övladlarının “kim olduqları” barədə məlumatlandırma qorxusu ilə şantaj edilib”.

Çoxlu sayda gey evsiz qalıb

Cavid Nəbiyevin sözlərinə görə, təzyiqlərə məruz qalanlar açıq danışmaqdan, hüquqi yardım almaqdan çəkinirlər:

“Həbs olunan gay, transseksual fərdlər zorakılıq altında digər tanıdıqları insanların ev ünvanlarını, nömrələrini vermək məcburiyyətinə salınıblar. Nəticədə kirayədə yaşadığı müəyyənləşdirilən çoxlu sayda transseksual, gay fərdin ev sahiblərinə zəng edilərək evdən atılmaları tələb edilib. Hal – hazırda bir neçə nəfər evsiz qalıb”.

Adının açıqlanmasını istəməyən LGBT üzvü Meydan TV-yə deyib ki, rəfiqəsini də Nizami küçəsində saxlayıblar, ancaq yaxasını polislərin əlindən qurtarıb:

“Ayın 19-da axşam saatlarında rəfiqəmi “Xaqani Ticarət Mərkəzinin yanında saxlayıblar. Şəxsiyyət vəsiqəsini istəyiblər, vurub təhqir ediblər. Sonra da 100 manatını alıb buraxıblar”.

Cavid Nəbiyev Almaniyada LGBT icmalarını dəstək aksiyasında..

“Nəfəs” təzyiqlərə məruz qalanlarla bağlı anonim sorğu hazırlayıb. Təzyiqə məruz qalan LGBT üzvləri anonimliklərini saxlamaqla başlarına gələnləri anlada bilərlər.

DİN cavab vermir

Artıq bir neçə gündür ki, bu xəbərlər sosial şəbəkələrin və medianın əsas mövzusuna çevrilib. Lakin Daxili İşlər Nazirliyi bununla bağlı hər hansı rəsmi açıqlama vermir. Meydan TV-nin israrlı zənglərinə baxmayaraq, qurumdan münasibət öyrənmək mümkün olmayıb.

Yalnız “virtualaz.org” saytına geylərlə bağlı reyd keçirilməsi faktı təsdiqlənib. Məlumatda bildirilir ki, milli-mənəvi dəyərlərin qorunması istiqamətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndələri saxlanılıb.

Nazirlikdən onu da bildiriblər ki, əməliyyatda Yasamal, Nəsimi, Nərimanov rayon polis idarələrinin əməkdaşları iştirak edib.

“Saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb. Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında QİÇS-ə yoluxanların olduğu da bildirilir. İlkin dindirmə zamanı onların bu virusu başqalarına da yoluxdurduğu məlum olub. Müalicəsi çətin olan virus daşıyıcılarının zərəsizləşdirilməsi üçün müvafiq addımlar atılıb” – məlumatda deyilir.

Əgər saxlanılan LGBT fərdlərində virus aşkarlanıbsa, onlar niyə xəstəxanaya deyil, həbsxanaya göndərilir sualına isə cavab verən yoxdur.

Vəkillər müdafiəyə qoşuldu

Nemət Kərimli və Yalçın İmanov

Təzyiqlərə məruz qalan şəxslərin həm də müdafiəsiz qaldıqları bildirilir. Artıq bir neçə vəkil onların müdafiəsinə hazır olduqlarını bəyan ediblər. Sentyabrın 23-də hüquqşünas Səməd Rəhimli “Facebook” səhifəsində bununla bağlı paylaşım edib. Vəkillər Yalçın İmanov və Nemət Kərimli də polis bölmələrində təzyiqlərə məruz qalan LGBT üzvlərini müdafiəyə hazır olduqlarını deyirlər.

Lakin hələlik vəkillərə müraciət edən olmayıb. Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə onların çəkindiyini, bu səbəbdən də müdafiəyə açıq olmadıqlarını söyləyib:

“Mənə hələ müraciət edən olmayıb. Özüm araşdırmağa başlamışam. LGBT aktivistləri də onların çəkindiyini deyir”.

Səməd Rəhimli

Hüquqşünas onu da bildirir ki, rəsmi ittiham medianın yazdığı kimi deyil:

“Rəsmi ittiham polisin qanuni tələbinə tabe olmamaqdır, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təsbit olunur. Yəni rəsmi ittiham kimi fahişəlik yazmırlar, amma mətbuatda niyyətlərini belə elan edirlər. Daha çox LGBT fərdlərini “göz önündən” yığmaq əməliyyatı xarakteri daşıyır”.

Hüquqşünasın əldə etdiyi məlumata görə, inzibati işlərə əsasən Nəsimi və Nizami rayon məhkəmələrində baxılıb.

LGBT hadisələri qınayan bəyanat yayıb:

“Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış maddələri görməzdən gəlməsini, insanların şərəf və ləyaqətini alçaltmasını qətiyyətlə pisləyirik.

Konstitusiyada bildirilir ki, heç kəsə işgəncə və əzab verilə, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

Azərbaycan Respublikası Konstitusiyasından aşağıdakı çıxarışları bir daha sizin diqqətinizə çatdırırıq.

Maddə 25. Bərabərlik hüququ

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

III. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

İlham Əliyev: “Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub”

Cavid Nəbiyev isə 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edən prezident İlham Əliyevin norveçli xanım deputatın LGBT ilə bağlı sualına cavabını xatırladır.

İlham Əliyev deyir: “Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç bir məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı mövcud vəziyyət yəqin ki, sizin ölkənizdəki vəziyyətdən fərqlənmir”.