Cəzalar yüngülləşdirilir, yoxsa ağırlaşdırılır? – Cinayət Məcəlləsində dəyişiklik

Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdirilir. Maddəyə yeni bənd əlavə edilir.

Abzas.net xəbər verir ki, yeni bənd mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətinə görə tətbiq olunacaq.

Bu maddə ilə cəzalandırma əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə 2 dəfə və ya daha çox məhkum edilmiş şəxsə şamil olunacaq. Maddənin sanksiyası ilə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə olacaq.

Cəzalar yüngülləşdirilir? 

Maddənin hazırda qüvvədə olan 178.2.4-cü maddəsinə görə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Yeni dəyişikliyə əsasən, bu əməl baş verdikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.

360 saatdan 480 saata qədər ictimai iş

178.1-ci maddəsinə əsasən, dələduzluq və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, yaxud ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə bəndə “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilib.