Hitlerin ilk ciddi səhvi, yaxud Dunkerk əməliyyatı necə baş verdi?

Vüsal Bağırlı

İyul ayının 13-də “Betmen: Başlanğıc”, “Qara cəngavər, Polad adam”, “İnterstellar” kimi filmlər yaratmış məşhur ingilis rejissor Kristofer Nolanın İkinci Dünya müharibəsi zamanı La-Manşdakı evakuasiya əməliyyatından bəhs edən  “Dunkerk” filminin premyerası oldu.

Bəs həmin vaxt, yəni İkinci Dünya Müharibəsinin təzə-təzə qızışdığı bir vaxtda La-Manşda,  Fransanın Dunkerk şəhərində, onun ətrafında və ümumiyyətlə dünyada nə baş verirdi? Yazıda bu məsələni araşdırmağa çalışacayıq. Maraqlıdırsa, ardını oxuyun…

Vəziyyət sürətlə gərginləşirdi…

İkinci Dünya Müharibəsi özündən sonra çoxlu sayda sirr və tapmacalar qoydu, hansı ki, bir çoxlarının cavabı hələ də bilinməz olaraq qalır. Belə sirrlərdən biri də, tarixdə “Dunkerk əməliyyatı” adı ilə qalmış döyüşdür.

1939-cu ilin sentyabrın 1-dən, yəni faşistlərin Polşaya hücumundan sonra, müttəfiqlik öhdəliyinə uyğun olaraq, Böyük Britaniya və Fransa Üçüncü Reyxə müharibə elan etdilər.

Lakin, uzun müddət həqiqi döyüş əməliyyatları aparılmadı. Tarixdə “qəribə müharibə” adı ilə qalan aktiv fəaliyyətsiz bir dövr başladı. Həmin dövr, 10 may 1940-cı ildə Adolf Hitler “Gelb” adlı ildırımsürətli planını işə salarkən, yəni Belçika, Lüksemburq və Niderlanda müharibə elan edən zaman bitdi. Bu plan eyni zamanda, digər cəbhə üçün yol açırdı.

“Rot” planına əsasən almanlar Fransanı sürətlə işğal edib, Majino rayonu istiqamətində gücləndirilmiş istehkam rejiminə keçməliydilər.

Fəlakətin bir addımlığında…

Bu ərəfələrdə İngiltərədə baş nazir dəyişikliyi baş verdi. Müharibə dövrü üçün cəsarətsiz siyasət aparan Nevill Çemberlen istefa verdi və Mühafizəkarlar Partiyasından Uinston Çörçill hökumətin başına keçdi.

O, 1940-cı ilin 13 mayında, parlamentdəki ilk çıxışında deyirdi: “Bizim qandan, ağır əməkdən, göz yaşından və tərdən savayı heç nəyimiz yoxdur”.

Almanların hücum əməliyyatları sürətlə inkişaf edirdi. May ayının 14-də Hollandiya artıq təslim oldu. Belçika ümidsiz vəziyyətə düşsə də, bir müddət tab gətirməyi bacardı. Hitlerçilərin təzyiqi o qədər güclü idi ki, La-Manş sahilindəki Dunkerk limanında yerləşən fransız qoşunları və Böyük Britaniyanın ekspedisiya qüvvələri məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdılar.

1940-cı ilin 20 mayında alman tank birləşmələri Fransanın Abvel şəhərinə daxil oldular və beləliklə, müttəfiqlərin birinci ordu qrupu (10 ingilis, 18 fransız və 12 belçika diviziyası)  Arras və Bryuqqe istiqamətində tam şəkildə təcrid olundular və dənizə sıxılmış vəziyyətə düşdülər.

Bu hadisələrə hələ iki gün qalmış kontitental Avropadakı Britaniya qoşunlarının komandanı lord Qorta baş nazir Uinston Çörçillə müraciət etmişdi: “Qoşunlar təcili evakuasiya edilməlidir”. Cörçill tərəddüd etsə də, sonra evakuasiya əmrini imzaladı.

Vəziyyət isə dayanmadan fəlakətə doğru gedirdi. Həmin günlərdə Fransa baş naziri Reyna kolleqası Çörçillə zəng edərək, trubkaya qışqırırdı: “Bizi məhv etdilər! Darmadağın olduq!”.

Almanlar isə hücumu davam etdirərək Bulon və Kale şəhərlərini də zəbt etdilər.

Dunkerk siyahıda son ümid yeri idi. Burada 300 minədək müttəfiq qoşunu səfərbər olunmuşdu. Ərazinin komandanlığı britaniyalı kontr-admiral Bertran Ramselə həvalə olunmuşdu.

Evakuasiya üçün hər şey səfərbər edilmiş, hətta kiçik yaxtalar və balıqtutan qayıqlar da nəzərdən qaçmamışdı. Ümumilikdə, 693 ingilis və 250 fransız gəmisi bir araya toplanmışdı. Evakuasiya planı komandanlıq tərəfindən  “Dinamo”  adını almışdı.

Evakuasiyanın tam şəkildə uğurlu alınması üçün qoşunlar bir müddət davam gətirməli, almanlara qarşı cəbhəni saxlamalı idilər.

Fransız ordusunun əks zərbələri almanları xeyli narahat etsə də, vəziyyəti köklü şəkildə dəyişəcək gücdə deyildi. 1940-cı ilin 23 mayında Kale şəhəri işğal edildikdən sonra Dunkerkə cəmi 16 kilometr qalmışdı.

Hitler öz generallarını təəcübləndirdi…

Fransızlar və ingilislər hər dəfə yeni əks-hücümlar hazırlayanda, almanlar  amansızlaşır, mühasirə halqasını daha da daraldırdılar.  Britaniya komandanlığı  döyüş vəziyyətini qiymətləndirərkən, belə bir proqnoz irəli sürdülər: “Ən yaxşı halda, yalnız  45 min əsgər və zabit xilas etmək mümkündür”

Artıq almanların tank hissələri Dunkerk ətrafında həlledici həmləyə hazırlaşırdılar. Lakin, 1940-cı ilin 24 mayında Hitlerdən qəribə bir əmr gəldi. La-Manş rayonunda əməliyyatlar aparan bütün diviziyalar Aa kanalı ətrafında hücümü dayandırmalı, Azbruk istiqamətində geri çəkilməlidirlər. Hitlerin göstərişində deyilirdi ki, qoşunlar Dunkerkə 10 kilometr məsafədən yaxın gəlməməlidirlər və tank hücümü dayandırılmalıdır. Bu məntiqsiz qərar hətta alman baş qərargah generallarını çaş-baş salmışdı.

Evakuasiya başladı…

Vüsal Bağırlı

Nəhayət ki, mayın 26-da ingilis-fransız qüvvələrinin evakuasiyasına start verildi. Almanlar artilleriya və aviasiyanın köməyi ilə qoşunları şiddətli atəşə məruz qoysalar da, artıq əməliyyatı dayandırmaq qeyri-mümkün idi.

Öz növbəsində, ingilis qırıcı təyyarələri də uğurlu uçuşlar edərək faşistlərə cavab zərbələri endirirdilər.

Alman generalı Frans Qalder öz gündəliyində yazırdı: “Biz əlverişli zamanı əldən verdik. Bizim mexanikləşdirilmiş hissələrimiz mühasirə halqasını tamamlaya bilmədi. İndi biz minlərlə düşmən əsgərinin burnumuzun ucundan İngiltərəyə qaçmasını sadəcə müşahidə edirik”.

Tank döyüşlərinin mahir ustası və hadisələrin bilavasitə iştirakçısı, general-polkovnik Hayns Quderian yazırdı:

“Hitler alman ordusunun Aa çayı istiqamətindəki sol qolunu dayandırdı. Çayın üzərindən keçmək qadağan olundu. Bizə səbəbləri izah etmirlər. Əmrdə yazılmışdı ki, Dunkerk və Kaledə yalnız aviasiya əməliyyatlarına icazə verilir. Mən daha söz tapa bilmirəm. Bu əmrin nəyə görə verildiyini anlaya bilmirəm ”.

Beləliklə, müttəfiqlər Dunkerk ətrafında mühasirəni qoruya bildilər. Almanlar isə özlərinin əsas silahı olan tanklardan istifadə etmədilər.

Müttəfiqlərin xilas yolu olan “Dəniz körpüsü” 1940-cı ilin 26 mayından 4 iyuna qədər fəaliyyətdə oldu. Bu müddət ərzində, Dunkerkdən 338 mindən çox canlı qüvvə evakuasiya edildi. İngilislərin bütün ekspedisiya korpusu, 90 min fransız əsgər və zabiti və müttəfiq qüvvələrin digər ölkələrdən olan hərbi qulluqçuları xilas ola bildilər.

Düzdür, hərbi texnikanın böyük bir hissəsini (2472 artilleriya silahı, 65 min avtomobil, 20 min motosiklet, 68 min ton hərbi sursat, 147 min ton yanacaq və s.) atmaq lazım gəldi. Lakin, bütün bu itkilər canlı qüvvənin xilası ilə müqayisədə heç nə hesab olunur.

“Dunkerk möcüzəsi” Fransanın müharibə ərzində hərbi fəlakəti üçün bir növ kompensasiya oldu. İngilislər isə bu hadisədən vəcdə gələrək, müharibənin sonuna kimi  ordunu döyüşkən vəziyyətdə saxladılar. Uğurlu əməliyyat britaniyalıların döyüş ruhunu artırdı, bu isə psixoloji olaraq böyük anlam daşıyırdı.

Hitlerin öz səbəbləri var imiş…

Əlbəttə, Dunkerk əməliyyatını həyata keçirənlərin mətanətini, igidliyini azaltmamaq şərti ilə o da etiraf olunmalıdır ki, Hitlerin tankların dayandırılması haqqında anlaşılmaz əmri olmasaydı, bu möcüzə də baş verməyəcəkdi.

Nəyə görə Hitler belə geniş güzəştə imkan verdi?

Burda, hələ də müzakirə mövzusu olan bir neçə versiya var: lyutvaffenin gücünün şişirdilməsi, Paris rayonu ətrafında əks-hücüm ehtimalının olması, böyük itkilərdən ehtiyat edilməsi və s.

Amma deyəsən fürerin əsas məqsədi tamam başqa imiş.

O zaman Fransa tamamilə darmadağın vəziyyə düşmüş, adaya sıxışdırılmış ingilislər isə faşistlərlə mübarizədə faktiki olaraq təklənmişdilər. Buna baxmayaraq, Hitler Dumanlı Albiona müdaxilə etmək haqqında düşünmürdü.

Onun başqa niyyəti var idi: Sovet İttifaqı ilə müharibə. İki cəbhədə vuruşmaq istəməyən fürer, Dunkerk güzəşti ilə İngiltərəyə müvəqqəti sülh təklif edirdi. 1940-cı ilin yayında etdiyi çıxışlarında o, açıq şəkildə bəyan edirdi ki, Almaniya və Böyük Britaniya arasında müharibənin davamı üçün ciddi bir səbəb yoxdur və tərəflər danışıqlar masasına oturmalıdır. Hitler gözəl başa düşürdü ki, İngiltərədə onun tərəfdarları kifayət qədərdir və onlar bu sülh təklifinə biganə qalmayacaqlar.

Amma baş nazir Uinston Çörçill bu sıraya aid deyildi. O, baş nazir olaraq, fürerin təklifindən imtina etdi və mübarizəni davam etdirməyə qərar verdi.

Dunkerk ətrafında xilas edilən qoşun isə ona bu işdə çox kömək etdi.

Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir. Saytımız mövqeyi ilə üst-üstə düşməyə bilər.