İlham Əliyev Lapshin-in əfv edilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Alexander Lapshin-in əfv edilməsi ilə bağlı sərəncam imzalayıb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapshin Alexander Valerevich cəza çəkməkdən azad edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”, – deyə sərəncamda bildirilir.

Xatırlatma

Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapshin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapshin-ə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapshin-in Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapshin-i Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.