İlham Əliyev Türkiyənin müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Nurettin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

İlham Əliyev Nurettin Caniklini Türkiyə Respublikasının milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev, eyni zamanda, Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edib.

İki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib. İlham Əliyev bildirib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən ölkə prezidenti bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Milli müdafiə naziri Nurettin Canikli Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğanın salamlarını və ən xoş arzularını İlham Əliyevə çatdırıb. Nurettin Canikli öz növbəsində Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsəd bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. Nurettin Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə prezidenti Recep Tayyip Erdoğanla Nyu-Yorkdakı görüşünü məmnunluqla xatırladıb.

Ölkə prezidenti Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə çatdırmağı xahiş etdi.