İşdən çıxarılan cəbhəçi müəllimlərin işə bərpası üçün məhkəmə qərar verdi

Sentyabrın 25-də Neftçala rayon məhkəməsində AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadənin və həyat yoldaşı Ülkər Əhmədzadənin iddiaları təmin edilib. 

Abzas.net xəbər verir ki, bu barədə vəkil Tural Hacıbəyli məlumat verib. Vəkil bildirib ki, məhkəmə cəbhəçilərin hər ikisinin işlərinə bərpa edilməsi ilə bağlı qərar çıxarıb:

“Haqqın qələbəsi münasibətilə bəy və xanımını, eləcə də aylardır bizimlə proseslərdə iştirak edən mübariz dostları təbrik edirəm. Eşq olsun Sizlərə”.

Xatırlatma

Bu il aprelin 27-də AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə və həyat yoldaşı Ülkər Əhmədzadə müəllim işlədikləri məktəbdə işdən çıxarılmışdılar.

Onlar bildirirdi ki, işdən azad çıxarılmaları Milli Şuranın aprelin 8-də keçirtdiyi mitinqdə iştirak etmələri ilə bağlıdır.

Hökumət isə hər ikisini əmək müqaviləsi şərtlərini pozmaqda günahlandırırdı.