“Kanal 13”-ün direktorunun cinayət işi məhkəməyə göndərilib

Həbsdəki jurnalist, “Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucov (Qaraşoğlu) barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Bu haqda Azadlıq Radiosu-na jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, müdafiə tərəfinin cinayət işinin materialları ilə tanışlığı başa çatıb.

O, vurğulayıb ki, jurnalistə yekunda da Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlar təsdiqlənərsə, Ə.Orucova 8 ilə kimi həbs cəzası verilə bilər.

E.Sadıqovun sözlərinə görə, Əziz Orucov barəsində cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı, hələlik, bilinmir.

XATIRLATMA

“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova (Qaraşoğlu) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün – iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu “Qafqaz Media Təhqiqatları” İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.