Məhkəmə Mehman Əliyevin vəsatətini təmin etməyib

Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı verilmiş vəsatətə baxılıb.

Abzas.net xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda, məhkəmə vəsatəti təmin etməyib.

Xatırlatma

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.