Qurban bayramını tənqid edənlər… və dindarlar nəyi düz qavramırlar…

Yalçın İslamzadə

Dünya əhalisi 7.5 milyardı keçib. Bu qədər insan, heyvan mənşəli protein olmadan, sadəcə əkinçiliklə qidalana bilməz. Qurban kəsilən heyvanlar nəsli kəsilmək təhlükəsi olanlar deyil, insanların çoxalda bildikləri, fermalarda milyonlarla bəslədikləri heyvanlardır. Onlar istənilən qədər çoxaldıla bilindikləri üçün, ilin müəyyən dövründə çoxsayda kəsilmələri də problem deyil.

Qurban kəsimlərini tənqid edənlər diqqətlərini daha vacib problemləmlərə verməlidirlər.

​1. Ovçuluq artıq əsas qida təminatı üsulu deyil. Bu gün sayları olduqca azalmış ovçu-yığıcı cəmiyyətlər istisna olmaqla, insanlar ovu zövq üçün, daş dövründən qalma öldürmə instinktinin əmri ilə edirlər. Şempanzenin qəddarlıqda yaxın qohumu olan homo sapiensin artıq digər canlıları zövq üçün öldürmək haqqı yoxdur. Bir canlını zövq üçün öldürməyə heç kimin haqqı yoxdur. Ovçuluq qadağan edilməlidir, bütün dünyada.

2. Sirklərdə təlimçilərin geniş təbəssümlə insanları əyləndirməyə məcbur etdikləri heyvanlar böyük işgəncələrlə təlim olunurlar. Üstəlik, onları təbii nişlərindən ayırıb balansı pozurlar. Şirkdə heyvanlardan istifadə olunması qadağan olunmalıdır. Homo sapiens istərsə meymunu təqlid edib digər sapiensləri əyləndirə bilər.

3. Yaponiyada ekzotik yeməklər üçün dəniz canlılarının, Afrikada ev heyvanı və dişinə görə fili, Asiyada buynuzuna görə gərgədanı, köpəkbalığı ovu, ev heyvanları ticarəti, Faroe adalanrında pilot balinaların zövq üçün qətliamı sona çatmalıdır.

Yalçın İslamzadə

Bəlkə də bir çox dindar insanda çatışmayan ən böyük əksiklik təqdir duyğusudur. Onlar sekulyar sistemin və onlardan fərqli düşüncəyə sahib insanların yaratdığı şəraitdə rahatca bu düşüncəni və sistemi kiçik görə bilir, hansı zəhmətlərlə başa gəldiyini təqdir etmirlər. Güman ki, burda dünyanın bir anda yaradıldığına və fani olduğuna inam, elmi zəhmətdən çox duaya əhəmiyyət verilməsi səbəbdir.

Onlar başqalarının yaratdığı hardware-dən istifadə edib öz software-lərini təbliğ edirlər, istifadə etikləri hardware-i zamanın sınağından çıxmış başqa hardware-in yaratdığını unudurlar.

Türkiyədə bütün məzhəb və təriqətlərin bir-birlərinə toxunmadan yaşamaq qarantiyası olan respublika quruluşunu yıxdıqdan və şərikləri tərəfindən ləğv edildikdən sonra “Cümhiriyyətin necə dəyər olduğunu indi anladıq” deyən təriqətin üzvləri kimi.

Nəticədə formalizmə əhəmiyyət verilir, ortaya formalizm keşikçiləri din xadimləri çıxır. Günü gündən dini ağıl hocası olmaq istəyənlərin sayı artır, çünkü status və maddi rifaha asanlıqla qovuşurlar. Bu isə zəhmətsiz, dəyər yaratmayan gəliri təşviq edir. Onlar isə öz vacibliklərini göstərmək üçün psevdo-problemlər icad edilər – “Cinlərin cinsiyyəti nədir? Qadın saçını topuz yığa bilərmi?” Nə hikmətdirsə çıxışlarının 80%-i qadınlara necə yaşayacaqlarını öyrətmək cəhdidir.

Qaynaqların israfı qurban kəsilməsi deyil, ilin digər günlərində lazımsız formalizmi dəstəkləyərək, öz ağlına etibar etmədən, zəhmətsiz gəlir, biliksiz status qazanmaq istəyənlərin sayını artıran fəaliyyətlərə sərf etməkdir vəsaiti.

Yazı müəllifin fikirlərini əks etdirir və Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.