Sarah Chayes: “Bu Qərb demokratiyasına təhlükədir”

“Avropa Şurası bir təşkilat olaraq Avropa içərisində etimadını itirib. Mən əmin deyiləm ki, o, indiki məqamda imic yaxşılaşdırmağa yaraya bilsin”, – Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Sarah Chayes (Sarah Çeys) “Amerikanın Səsi”nə belə deyib.

“The Guardian” qəzetində dərc edilən araşdırmanı dəyərləndirən S. Çeys Azərbaycan hökumətinin lobbiçilik fəaliyyətinin kifayət qədər effektiv olduğunu etiraf edir.

Eyni zamanda Çeys Qərb qurumlarının korrupsiya şəbəkəsindəki rolu ilə bağlı, bir çox məqamların, hələ də qaranlıqda qaldığını vurğulayır.

Onun sözlərinə görə, BP şirkətinin rəhbərləri ilə Azərbaycan hökumət nümayəndələrinin şəxsi əlaqələrini araşdırmaq kifayət qədər faydalı olardı.

Transmilli inteqrasiyalaşmış korrupsiya şəbəkələrin daxili iş mexanizminin araşdırılmasına ciddi ehtiyac olduğunu vurğulayan S. Çeys hesab edir ki, Qərbdə mövcud olan nizamlama qaydaları hazırda BP kimi şirkətlərə kifayət qədər sərbəstlik verir.

“Hesab edirəm ki, Qərbin Azərbaycan üzərində rıçaqlarının olmadığını demək səmimilikdən uzaqdır. Çünki belə rıçaqlar ola bilər”.

Ekspertin fikrincə, Qərbdə tədricən dərk etməyə başlayırlar ki, “bu özəl şirkətlər və bazarlar Əliyev hakimiyyəti kimi hakimiyyətləri ayaqda saxlamağa necə yardım göstərir”.

S.Çeys deyib ki, kleptokratik (Hakimiyyətdə olan bir ailənin və ya siyasi, dini qrupun ölkənin sərvətlərini istismar etməsi) üsuli-idarələr təkcə öz xalqlarına deyil, həm də beynəlxalq düzənə və Qərb demokratiyasına təhlükə törədir.

Onun sözlərinə görə, sistemik korrupsiya uzaq və yaxın təhlükələr yaradır. Uzaq təhlükələr sırasında o, dini ekstremizmi, ətraf mühitə vurulan ziyanı misal gətirib.

“Lakin həqiqi yaxın təhlükə odur ki, bu kleptokratik ölkələr, bu şəbəkələr təcrid olunmayıblar. Onlar aktiv şəkildə Qərbdəki demokratik və konstitutsional sistemləri və təsisatları korrupsiyaya bulaşdırırlar. Azərbaycanın nümunəsində biz siyasi fiqurların və təsisatların satın alındığını görürük”.

Xatırlatma

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırması açıqlanıb.

Araşdırmada vurğulanır ki, Azərbaycanda 2012 və 2014-cü illər arasında fəallar və jurnalistlər ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət verməkdən ötrü istifadə edib.

2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.