Seymur Həzi həbsxanadan İlham Əliyevə məktub yazıb

Həbsdə olan jurnalist, AXCP sədrinin müavini Seymur Həzi ölkə prezidenti İlham Əliyevə məktub yazıb.

Abzas.net xəbər verir ki, məktubu Seymur Həzinin həyat yoldaşı Nigar Həzi sosial şəbəkədə yayıb.

Seymur son günlər ölkə gündəmini zəbt etmiş “Pulyuyan maşın” araşdırmasına toxunaraq, bu məsələdə insanların İlham Əliyevi və Azərbaycan rəhəbrliyini deyil, onların rüşvət verdiyi xarici siyasətçi və jurnalistləri qınadığına diqqət yetirib:

“Cənab prezident, bu günlərdə sizin daha bir neçə milyardlıq bəd əməllərinizin üstü açılıb. Qərblilərə milyardlar xərcləyib ölkənin gələcəyini məhv emək imkanı əldə etmisiniz. Bu ən dəhşətlisi deyil. Ən dəhşətlisi odur ki, ictimai rəy bu məsələdə həmin o qərbliləri sizdən daha çox qınayır. Xalq sizin zülmünüzü yadelli işğalçıların zülmü kimi qəbul edir. Ən dəhşətlisi budur.”

Həbsdə olan jurnalist hakimiyyətin rüşvət üstündə dayanan xarici siyasətinin artıq fiaskoya uğradığını qeyd edib:

“Siyasət əlaqəsi qurmalı olduğunuz bütün mərkəzlərdə rüşvət verəcək birilərini tapmısınız və cinayət əlaqəsi qurmusunuz. Rəsmi ve qeyri-rəsmi televiziya kanallarınıza baxmaq bəs edir ki, dunyanın dörd tərəfini ölkə ilə düşmən etdiyiniz bəlli olsun. O qədər ‘müdrik’ siyasət yürüdürsünüz ki, bütün dünya, sizin təbirinizcə desək ‘ermənipərəst’dir. Hərbi ve siyasi manevrlərinizin yalnışlığından Rusiya Ermənistanla iki hərbi-strateji müqavilə; əlli illik ittifaq ve birgə qonşu komanda merkezi barede- baglayib”.

Ölkədə böyük bir kəsimin banklara borclu olduğunu, zülmün artıq hər bir vətəndaşın qapısını döydüyünü vurğulayan Seymur Həzi bütün bunlara görə prezidentin məsuliyyət daşıdığını və cavab verəcəyini vurğulayıb:

“Ölkədə mənəvi əhval-ruhiyyə o həddə çatıb ki, məktəblidən pensionerə qədər hamı sizin zülmünüzə düçar qalır. “20 Yanvarda”, “Qarabag” döyüşlərində sinəsini imperiyanın “rus gülləsi” nin qabağına verən insanlar indi ədalət üçün qaniçən imperiyanı arzulayır.

Sosial-iqtisadi vəziyyət barədə yalnız bir fakt demək kifayətdir ki, 10 milyonluq ölkədə milyon yarımdan çox insanın banklarınıza kredit borcu var. Heç orta əsrlərdə xalqın feodallara borcu indi sizə ve oliqarxlara olan borcu qədər olmayıb.

Unutmayın, sizin də onlara borcunuz var. Keçmişlərinin, bu günlərinin və gələcəklərinin bir sozlə, qəsb etdiyiniz hər şeyin əvəzini bu xalqa borclusunuz və mutləq verəcəksiniz.”

Seymur Həzi 2014-cü ilin avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxaq insan haqqları təşkilatları Seymur Həzinin həbsini siyasi hesab edir, onu vicdan məhbusu kimi tanıyır.

Seymur Həzi 2016-cı ildə Norveçin Oslo Fritt Ord Foundunun və Almaniyanın ZEIT-Stiftung Ebel və Gerd Bucerius təşkilatlarının Beynəlxalq Azad Mətbuat mükafatına layiq görülüb.