Vəkillər Kollegiyasının sədri vəzifəsindən azad olunub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Azər Tağıyev vəzifəsindən azad olunub.

Abzas.net xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti məlumat verib.

A.Tağıyev Rəyasət Heyətinə səhhəti ilə əlaqədar olaraq sədrlikdən istefa vermək istədiyinə dair müraciət ünvanlayıb.

27 sentyabr tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. A.Tağıyev səhhəti ilə bağlı iclasda iştirak etməyib.

İclasda A.Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb və Azər Tağıyevin VK-nın Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunmasına dair qərar verilib.

Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.

A.Tağıyevin beş illik səlahiyyət müddəti bu ilin dekabr ayında bitəcəkdi.

Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.