Xədicə İsmayıla mükafat almaq üçün ölkədən çıxmağa imkan verilmədi

Araşdırmaçı jurnalist Xədicə İsmayılın 28 sentyabrla bağlı şikayətinə məhkəmə oktyabrın 9-da baxacaq. 

Abzas.net xəbər verir ki, Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət etmişdi. Binəqədi Rayon Məhkəməsi onun iddiası təmin etmədiyindən jurnalist apelyasiya şikayəti vermişdi.

Sentyabrın 25-də Bakı Apelyasiya Məhkəməsində işə baxılıb və proses oktyabrın 9-a təxirə salınıb.

Xədicə İsmayıl korrupsiya ilə mübarizə sahəsində “Allard Prize” mükafatına 3 əsas namizədlərdən biri olduğundan sentyabrın 28-də Kanadada keçiriləcək mükafatın təqdimat mərasiminə dəvətlidi.

Bu səbəbdən jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət etmişdi.

Məhkəmə dünən işə baxıb və sentyabrın 28-nə bağlı tədbir üçün müraciətə tədbirdən 11 gün sonra keçiriləcək prosesdə aydınlıq gətiriləcəyini bildirib.

Azərbaycandan çıxışına qadağa qoyulan araşdırmaçı jurnalist Xədicə İsmayıl bu gün daha bir nüfuzlu mükafata – “Alternativ Nobel Mükafatı”na (Right Livelihood Award) dürüstlüyə görə – layiq görülüb.