Əfqan Muxtarlının vəsatəti təmin edilməyib, əvəzində həbs müddəti 2 ay uzadılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Osman Kazımov məlumat verib.

Məhkəməyə hakim Əmir Bayramovun sədrlik edib.

Osman Kazımovun bildirib ki, iclasda Ə.Muxtarlının apellyasiya şikayətini təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdiirlmədən qüvvədə saxlanılıb.

HƏBS MÜDDƏTİ İKİ AY UZADILIB

Daha sonra Nəsimi Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi vəsatətə baxılıb.

Məhkəmə hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilib.

Məhkəmə Rüstəm Usubovun vəsatəti təmin edilib və Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirini daha iki ay uzadıb.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.