Əziz Orucovun məhkəməsində şahidlər ifadə verib

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Məhkəmə hakim Mirzəli Xankişiyevin sədrliyi ilə keçirilib. İclasda şahidlər ifadə veriblər.

“Kanal 13”-də mühasib işləmiş Kübra Məmmədova ifadəsində bildirib ki, televiziya və Qafqaz Media Mərkəzi ilə əməkdaşlıq edib. O vergidən yayınmadığını və vergidən yayınma hallarına rast gəlmədiyini bildirib.

“Mən 2009-cu ildən işləmişəm və vergidən yayınma halı ilə rastlaşmamışam. Layihələrdən asılı olaraq 100-150 manat maaş almışam”, – deyə, o qeyd edib.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov da layihələrdə iştirak etdiyini bildirib.

Növbəti məhkəmə iclası noyabrın 3-də keçiriləcək.

Əziz Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.