13 saylı həbsxana rəhbərliyi “heykəl məhbusu”nu vərəm etmək istəyir?

13 saylı CÇM-də “kars”a salınan NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov oktyabrın 15-i axşam “kars”dan çıxarılıb. 

Abzas.net xəbər verir ki, bu barədə NİDA-nın İdarə Heyətinin üzvü Məsud Əsgər məlumat verib.

Məsud Əsgər bildirib ki, Bayram Məmmədovun “kars”a salınmasına və ümumilikdə həbsxana rəhbərliyi tərəfindən ona qarşı olan qərəzli münasibətə etiraz olaraq Bayram Məmmədovla birgə aclıq aksiyasına başlayan 13 saylı CÇM-dəki digər NİDA üzvləri İlkin Rüstəmzadə və Elgiz Qəhrəman, eləcə də Bayram özü bu gün aclıq aksiyasını dayandırıblar.

“Bayram aclıq edib o yeri dəyişdirməyə nail olmuşdu”

Məsud Əsgərin sözlərinə görə, Bayram “kars”dan çıxarılsa da bir müddət öncə qaldığı əvvəlki yerinə qaytarılıb.

“Bayram bir müddət öncə həmin yerin dəyişdirilməsi üçün aclıq etmişdi və sonda yerin dəyişdirilməsinə nail olmuşdu. Dünən axşam “kars”dan çıxarıldıqdan sonra onu yenidən oraya qaytarıblar”, – deyə, NİDA İH üzvü bildirib.

“Vərəm olmayan kimi səndən əl çəkməyəcəyik”

Məsud Əsgər qeyd edib ki, məhbusların sözlərinə görə, Bayramın o qaytarıldığı həmin yerdə qalan məhbuslar bir müddətdən sonra vərəm xəstəliyinə tutulurlar:

“13 saylı CÇM-dəki məhbuslar-ın sözlərinə görə, həmin yerdə uzağı 6 ay qalan adam vərəm olur və “Tubzon”a göndərilir”.

NİDA üzvünün sözlərinə görə, 13 saylı CÇM-nin rəhbərliyi Bayram Məmmədova qarşı xüsusi amansız münasibət göstərir:

“13 saylı CÇM-nin rəsisi Azər Hacıyev, müavini isə Elçin Əlicanovdur. Bayrama rəhbərlik səviyyəsində deyilib ki, sən vərəm olmayana qədər səndən əl çəkməyəcəyik”.

Vəkil Əsabəli Mustafayev bir neçə gün öncə məlumat vermişdi ki, oktyabrın 9-u rəsmi orqanlardan gələn və özlərini təqdim etməyən şəxslər həbsxanada Bayram Məmmədovla görüşüblər. Görüşdə nə haqda danışdıqları barədə məlumat yoxdur. Görüşdən sonra isə Bayram Məmmədov “kars”a salınmışdı.

Xatırlatma

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.