AŞPA nümayəndəsi Fikrət Hüseynlinin Ukraynada həbs olunması ilə bağlı narahatlığını bildirib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xüsusi müəruzəçisi Bernd Fabritius Ukraynada həbs edilən jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlinin üzləşdiyi vəziyyətlə bağlı narahatlığını bildirib.

“İnterpoldan jurnalistlərin və siyasi şəxslərin məsuliyyətə cəlb olunmasıməsələlərini araşdıran şəxs kimi son vaxtlar baş verən hadisələrdən olduqca narahatam. Təəssüf ki, bir neçə gün öncə Azərbaycan jurnalsiti, Niderland vətəndaşı Fikrət Hüseynli Ukraynada həbs edilib. Bu saxlanma İnterpol xəttilə baş verib”, – deyə, parlament üzvü bildirib.

Bu həftə, oktyabrın 17-də Ukraynada Borispol Şəhər Məhkəməsi Niderland vətəndaşı olan jurnalist Fikrət Hüseynli barəsində 18 günlük həbs-qətimkan tədbiri seçib. Jurnalist oktyabrın 14-ü saxlanmışdı.

Xatırlatma

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Azərbaycanın hüquq-mühafizə orqanları, hələlik, F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən – 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü,

bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.