Atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgəri şəhid olub

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycanın ordusunun əsgəri Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər. Həlak olan erməni hərbçisinin  düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir”, – deyə, məlumatda bildirilir.

“Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir”, – Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.