AXCP üzvü polis tərəfindən saxlanılıb

AXCP Saatlı rayon Gənclər Komitəsinin üzvü Rəcəb Hüseynov polis tərəfindən saxlanılıb.

Rəcəb Hüseynov oktyabrın 18-də qonaq getdiyi Biləsuvarda saxlanılıb və Bakı polisinə təhvil verilib.

Onun barəsində 102-yə sorğu göndərilsə də, reaksiya yoxdur.

Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İradə Nəriman Meydan TV-yə məlumat verib.

İrada Nəriman Rəcəb Hüseynovun 7 oktyabr aksiyasında fəallığına görə saxlanıldığını güman edir.

Gəncin əmisi, AXCP üzvü Ziyafət Hüseynov Meydan TV-yə deyib ki, rayon Polis İdarəsinin rəisi oktyabrın 19-da günorta saatlarında atasını çağırmışdı:

“Atası oğlunun hara aparıldığını soruşub. Rəis R.Hüseynovun Bakıya göndərildiyini, ancaq hansı rayon polis idarəsinə verildiyini bilmədiyini deyib”.

Z.Hüseynov qardaşı oğlunun Bakıya aparıldığına inanmadığını deyib:

“Rəcəb Hüseynov Saatlı polisindədir, hansısa kabinetdədir”.

Rayon polis idarəsinin növbətçisi bu barədə sualımıza DİN-in mətbuat xidməti ilə əlaqə saxlamağımızı tövsiyə etdi.