Azərbaycan bir illiyinə beynəlxalq yarışlarından uzaqlaşdırıldı

Azərbaycan Ağır Atletika Federasiyası bir il müddətinə bütün beynəlxalq yarışlardan uzaqlaşdırılıb. Bu barədə Report xəbər yayıb. 

Məlumata görə, Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Rumıniyanın paytaxtı Buxarestdə keçirdiyi iclasında bununla bağlı qərar qəbul edib.

Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub.

Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da analoji cəzaya məruz qalıb.

Qərar oktyabrın ortalarından qüvvəyə minəcək. Başqa sözlə, bu ölkələr 28 noyabr – 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına buraxılmayacaqlar.

Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.