Dünya Gənclər Hərəkatı nidaçı məhbuslarla bağlı kampaniyaya qoşulub [fotolar]

NİDA Vətəndaş Hərəkatı həbsdə olan üzvləri, “heykəl məhbusları” kimi tanınan Bayram Məmmədovla Qiyas İbrahimovun və “Əsgər Ölümlərinə Son” aksiyalarının təşkilatçısı İlkin Rüstəmzadənin həyatına olan təhükələrə etiraz olaraq kampaniyaya başlayıb.

Abzas.net xəbər verir ki, NİDA son 5 gündə kampaniya çərçivəsində artıq 3 real və virtual tədbir təşkil edib.

Oktybarın 14-də bununla bağlı mətbuat konfransı keçirən hərəkat, daha sonra “NİDA Canlı” rubrikasında bu məsələ haqda ictimaiyyəti məlumatlandırıb. Ardınca oktyabrın 18-də “Nidaçı məhbusların həyatı təhlükədə” adlı tədbir keçirib.

Hal-hazırda kampaniya sosial şəbəkələr üzərindən davam edir.

Artıq yerli və beynəlxalq ictimaiyyət də bu məsələyə reaksiya verməyə başlayıb. Dünya Gənclər Hərəkatı (World Youth Movement‏) NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvləri ilə bağlı başladılan kampaniyaya qoşulub.

“Demokratiya üçün Dünya Gənclər Gününü qeyd edərkən həbsdə olan insan haqları fəalları ilə həmrəylik nümayiş etdiririk”, – deyə, Dünya Gənclər Hərəkatının “Twitter” səhifəsində yazılıb.

Bundan əlavə, NİDA, üzvlərinin həyatına olan təhdidlərlə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, avqust ayında İlkin Rüstəmzadə, bir ay öncə Qiyas İbrahimov, indi isə Bayram Məmmədov həbsxana rəhbərliyi tərəfindən ölümlə hədələnib.

NİDA bəyan edib ki, hakimiyyət, üzvlərinə qarşı bu hədələrə, özbaşınalıqlara, qeyri-insani rəftara son qoymayana qədər etirazlar davam edəcək.

Bir neçə gün öncə vəkil Əsabəli Mustafayev məlumat vermişdi ki, oktyabrın 9-u rəsmi orqanlardan gələn və özlərini təqdim etməyən şəxslər həbsxanada Bayram Məmmədovla görüşüblər. Görüşdə nə haqda danışdıqları barədə məlumat yoxdur. Görüşdən sonra isə Bayram Məmmədov “kars”a salınmışdı.

Daha sonra NİDA İdarə heyəti üzvü Məsud Əsgər bildirmişdi ki,  Bayram Məmmədov karsdan çıxarıldıqdan sonra çox pis şəraitli yerə köçürülüb. Onun sözlərinə görə Bayramın yatağı soyuq, yelçəkən yerdə, toaletin yanında yerləşir və daha öncə burada qalan məhbuslar vərəm xəstəliyinə yoluxublar.

Bundan əlavə, Məsud Əsgərin sözlərinə görə, 13 saylı CÇM-nin rəisi Azər Hacıyev və onun müavini Elçin Əlicanov Bayram Məmmədovu ölümlə hədələyiblər və bildiriblər ki, vərəm etməmiş ondan əl çəkməyəcəklər.

Xatırlatma

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.