“Heykəl məhbusu” və atasının məhkəmə vaxtı açıqlanıb

Qiyas İbrahimov

NİDA Vətəndaş Hərəkatının üzvü, “Heykəl Məhbusu” kimi tanınan siyasi məhbus Qiyas İbrahimov və atası Həsən İbrahimova açılmış cinayət işi ilə bağlı keçiriləcək məhkəmənin tarixi bəlli olub.

Bu haqda İbrahimovların vəkili Elçin Sadıqov xəbər verib.

İşə Yasamal Rayon Məhkəməsi baxacaq.

Vəkilin bildirdiyinə görə, Q.İbrahimov və atası H.İbrahimov Cinayət Məcəlləsinin 289.2 maddəsi ilə ittiham edilir. Məhkəməyə hörmətsizlikdə suçlanan ata və məhbus oğulun işi hakim Hüseyn Səfərovun icraatına verilib.

İş üzrə ilk məhkəmə iclası oktyabrın 31-də, saat 11:30-da keçirilməlidir.

Xatırlatma

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar . Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək” şüarı yazmalarından sonra həbs ediliblər.

“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Q.İbrahimovun atası H.İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək, “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…” deyib. Bu hakimə hörmətsizlik kimi qəbul edilir. İttiham təsdiq olunarsa, onu 6 aya kimi həbs gözləyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ə.Seyidov bir sıra siyasi işlərdə mübahisəli qərarlar verib. O, bu yaxınlarda səhhətində yaranan problemə görə xəstəxanaya düşüb.