Hüquqşunas: “Nümayəndəlik institunun ləğvi fəlakətə yol açacaq” [Foto-video]

Foto: Fərqanə Novruzova/Rakurs.tv

N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Nümayəndəlik institutunun ləğvi: Vətəndaşları kim müdafiə edəcək? ” mövzusunda dəyirmi masa keçirilib.

Abzas.net xəbər verir ki, tədbirdə çıxış edən hərəkatın idarə heyətinin üzvü Əbülfəz Qurbanlı nümayəndəlik institutunun ləğvinin vətəndaşları müdafiəsiz qoyacağını bildirib.

“Ölkədə vətəndaş hərəkatlarının, QHT-lərin, media qurumlarının hüquqları məhdudlaşdırılıb. Bir çox saytlar bloklanıb, bir sıra vəkillər müxtəlif bəhanələrlə Vəkillər Kollegiyasında uzaqlaşdırıldı. Əvvəllər mitinq keçirilən əraziyə istənilən yerdən daxil olmaq olurdu. Son zamanlar bir qapıdan girməyə icazə verilir, vətəndaşlar polislər tərəfindən yoxlanılır. Sonucu addım isə nümayəndəlik instititunun ləğvidir və hesab edirəm bu son deyil. Hökumət bu isiqamətdə mənfi təsirini davam etdirəcək. Bu tədbiri keçirməkdə məqsədimiz ictimai qınaq ortaya qoymaqdır. N!DA Vətəndaş Hərəkatı da bu mövqedən çıxış edir” – deyə Qurbanlı əlavə edib.

İclasda çıxış edən hüquqşünas Ruslan Əliyev bildirib ki, gündəmə gələn məsələ hissə-hissə bu yerə gəlib çatıb. R.Əliyev bildirib ki, dünyada müdafiəçilər hüquqşunas olan və olmayan olmaqla iki yerə bölünür.

“Əvvəllər nümayəndələr cinayət işlərinə çıxa bilirdilər, sonradan bunu vəkillərin ixtiyarına verdilər. Azərbaycanda vəkillər çox aşağı göstəriciyə malikdir. Bu dəyişikliklər ona hesablanıb ki, mülki işləri də vəkillərin monopoliyasına versinlər. Deyirlər hüquqşünas olmayanlar yaxşı hüquqi yardım göstərmirlər. Əgər hüquqi keyfiyyəti yaxşılaşdırmaq istəyirlərsə, bunun üçün nümayəndəlik institutunun ləğvinə ehtiyac yoxdur. Avropa Məhkəməsinə göndərilən işlərin çoxunu nümayəndələr hazırlayır, səsini çıxaran, haqqını tələb edənləri daha çox nümayəndələr müdafiə edir. Bu qanun qəbul olunsa, hüquqi yardımın keyfiyyəti yaxşılaşmaq əvəzinə pisləşəcək”.

Vəkil Nemət Kərimli isə bildirib ki, hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ var:

“Nümayəndəlik institunun ləğvi hüquqi yardımın keyfiyyətini artırmaq üçün  yox, bu sahəni də digər sahələr kimi dar çərçivəyə salmaq üçün atılır. Əgər hüquqi yardımın kefiyyətini artırmaq istəsəydilər ədalət mühakiməsini təkmilləşdirmək olardı. Azərbaycanda cəmi minə yaxın vəkil var. Onlar bütün bu işlərin öhdəsindən gəlib keyfiyyətli hüquqi yardım göstərə bilməzlər”.

Hüquqşünas Rövşanə Rəhimli deyib ki, qanuna olunan dəyişiklərdən heç kimin xəbəri yoxdur, dəyişikliklərin nədən ibarət olduğu bilinmir.

“Lakin müzakirələr gedir. Sırf nümayəndəlik institunun ləğvi fəlakətə yol açacaq. Ölkədə hakimlərin sayı azdır, ixtisaslaşmış hakimlər yoxdur. Bəzi ölkələrdə sırf bir sahə üzrə ixtisaslaşmış hakimlər var. Lakin bizdə hər şey ümumidir. Bundan əlavə məhkəmələrdə iş yükü çoxalıb və bu bank problemləri ilə bağlıdır. Ötən il Yasamal rayon Məhkəməsinin icraatında iş olub. Altı- yeddi hakimi olan məhkəmə üçün bu böyük rəqəmdir. İşlərin çoxunu bank məsələləri və alimentlə bağlı problemlər təşkil edir”.

Hüquqşünas Samirə Ağayeva da düşünür ki, nümayəndəlik institu ləğv olunsa vətəndaşlara, hüquqşünaslara və vəkillərə problem yaradacaq.

“On milyon əhali üçün cəmi 904 vəkil var. Vəkillər bütün işləri çatdıra bilməz və vətəndaşlar müdafiəsiz qala bilərlər. Bir çox təşkilatlara qarşı cinayət işləri var. Siyasi fəalları, jurnalistləri bu işlərlə bağlı çağırıb dindirirlər. Həmin işlərdə biz nümayəndə kimi iştirak edirik. İnsan hüquqları ilə bağlı məsələlərin çoxunu biz pulsuz edirik. Çünki vəkillə müqavilə bağlamağa insanlarda pul yoxdur. Bundan əlavə Avropa Məhkəməsinə  göndərilən işlərin sayı azalacaq. Çünki bu işləri  çoxunu hüquqşünaslar edir” – – deyə hüquşünas əlavə edib.

İclasda çıxış edən hüquq müdafiəçisi Samir Kazımlı bildirib ki, bu məsələ hüquqi olmaqla yanaşı siyasi məsələdir və pis niyyət güdür:

“Əgər hüquqi yardım keyfiyyətsizdirsə bunun günahını məhkəmə və prokurorluq orqanlarında axtarmaq lazımdır. Ölkədə sosial iqtisadi böhran yaşanır. İnsanların hüquqları kütləvi şəkildə pozulur. Hesab edirəm ki, bu addım da buna yönəlib,məqsədli şəkildə edilir. Vətəndaşları müdafiə edən adamlar olmayandan sonra insanlar məhkəməyə müraciət edə bilməyəcək. Gələcəkdə belə məsələ qoya bilərlər ki, ancaq Vəkillər Kollegiyasının üzvü olanlar vəkillik edə bilərlər. Bu addım ona aparır. Bəzi vəkillər siyasi işlərə çıxmırlar. Bu tək hüquqşünasların yox,cəmiyyətin problemidir. Belə tədbirlər daamlı keçirilməlidir”.

Tədbirdə iştirak edən Vəkillər Kollegiyasının üzvü Elvin Ələmov da əlavə edib ki, nümayəndəlik institutu ləğv olunsa insanlar müdafiəsiz qalacaq:

“Əgər məqsəd hüquqi yardımın keyfiyyətini artırmaqdırsa, bu çıxış yolu deyil “.