İlham Əliyev yeni fond yaradır: Mənəvi Dəyərlərin Təbliği Fondu

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində ‘Mənəvi Dəyərlərin Təbliği Fondu’nun yaradılması ilə bağlı fərman imzalayıb.

Abzas.net xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, fondun nizamnaməsi təsdiq edilib.

Açıqlamada bildirilir ki, fondun məqsədi ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etməkdir.

Fondun büdcəsi necə formalaşacaq?

Məlumata görə, fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçiriləcək.

Fərmanda deyilir ki, nizamnamə kapitalı 100 min manat olan və dövlət büdcəsinin vəsaiti hesabına formalaşan fondun fəaliyyətinə ümumi nəzarəti beş üzvdən ibarət Himayəçilik Şurası həyata keçirəcək. Fondun fəaliyyətinə cari rəhbərliyi onun icraçı direktoru həyata keçirəcək.