Kataloniya lideri: “Biz müstəqillik hüququ qazanmışıq”

Cientos de miles de personas ocuparon las calles del cenro de Barcelona en la manifestación del 11 de Setiembre

Kataloniya lideri Carles Puigdemont deyir ki, zorakılığa məruz qalan mübahisəli referendum nəticəsində İspaniyanın regionu dövlət müstəqilliyi hüququ qazanıb

Onun sözlərinə görə, birtərəfli qaydada müstəqillik elan edilməsi üçün qapı açılıb.

Kataloniya rəsmiləri bildirib ki, bazar günü səs verənlərin 90 faizi müstəqilliyi dəstəkləyib. Seçki fəallığının 42.3 faiz təşkil etdiyi bildirilir.

Bölgədə müstəqillik referendumu üzrə səsvermə prosesi polisin müdaxiləsilə müşayiət olunub.

İspaniya konstitusiya məhkəməsi seçkini qanunsuz elan edib. Polis yüzlərlə insanın səs verməsinin qarşısını almaq üçün güc tətbiq edib.

Barselonada polis müstəqillik tərəfdarlarının keçirdiyi mitinq iştirakçılarına qarşı rezin güllə və dəyənəklərdən istifadə edib.

Kataloniya hökuməti bəyan edib ki, regionda qarşıdurma zamanı 800-dən çox insan xəsarət alıb.

Zabitlər seçki məntəqələrindən seçki bülletenlərini və qutuları götürüb.

“Bu ümid və iztirablar günü ilə Kataloniya vətəndaşları respublika formasında müstəqil dövlətə hüququ qazanıb,” cənab Puigdemont digər yüksək vəzifəli Kataloniya liderlərinin əhatəsində televiziya ilə müraciətində bildirib.

O deyib ki, Avropa İttifaqı artıq “başqa yol axtarmağa davam edə” bilməz.

Səsvermə başa çatdıqdan sonra İspaniyanın baş naziri Mariano Rajoy deyib ki, Kataloniyalılar qanunsuz səsvermədə iştirak etmək üçün aldadılıblar. O, baş verənləri demokratiyaya “istehza” adlandırıb.

Bazar günü axşam saatlarında müstəqillik tərəfdarları regional paytaxt Barselonanın mərkəzində toplaşıb, bayraqları yelləyə-yelləyə Kataloniya himni oxuyublar.

Barselona və digər İspaniya şəhərlərində müstəqillik əleyhinə də mitinqlər keçirilib.

İspaniyanın daxili işlər nazirliyi 12 polis əməkdaşının xəsarət aldığını deyib və 3 nəfərin həbs olunduğunu bildirib. Qurum 92 seçki məntəqəsinin bağlandığını əlavə edib.

Kataloniya İspaniyanın şimal-şərqində 7,5 milyon insanın yaşadığı zəngin rayondur. Buranın öz dili və mədəniyyəti, o cümlədən, yüksək muxtariyyəti var.