Məhkəmə Fikrət Hüseynlini Azərbaycana təhvil verməkdən imtina edib

Kiyevin Lukyanov şəhər Məhkəməsində azərbaycanlı jurnalist Fikrət Hüseynlinin həbsdən azad edilməsi ilə bağlı məsələyə baxılır. Bu barədə məhkəmə zalında olan fəal Səid Nuri Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycan ekstradisiya edilməsi ilə bağlı vəsatətini rədd edib.

Vəkil Dmitri Mazuka və Ukrayna Ali Radasinin deputati Mikoli Knyajitski jurnalisti zaminə götürməklə bağlı məhkəməyə müraciət edib. Hazırda məhkəmə vəsatəti müzakirə etmək üçün məşvərətə gedib.

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un “qırmızı bildirişlər” sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.

Fikrət Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.